FA’ilAtün fə’ilAtün fə’ilAtün fə’lün (Rəməl) *** Bilmirəm mən bu cahan mülkünə neyçün gəldim, Müşkülüm dönmədi bir mümkünə, neyçün gəldim? Bir günüm yoxdu, tutum əldə qızıl bayraqtək, Calanıb getdi elə gün günə, neyçün gəldim? Bu ömür ki, mənə hər ləhzədə yüz qəm gətirir, Bənzəyir, ömrə deyil, sürgünə, neyçün gəldim? Bu gəlişin mən əzəl fərqinə heç varmaz idim, Varıram indi bunun fərqinə, neyçün gəldim? Məni divanə qılıb dərdə giriftar elədi, Gün misalı Gül üzün bərqinə neyçün gəldim? Bu fənagah alıb ağuşinə şeytaniləri, Mən məhəbbət deyilən bir dinə neyçün gəldim? Bir gəlib burda bəla görmüş idim mən qaragün, Yavəra, noldu mənə, mən yenə neyçün gəldim?
FA’ilAtün fə’ilAtün fə’ilAtün fə’ilün (Rəməl) *** Bütöv ollam, Sən əgər Yarım olarsansa mənim, Ölmərəm, dilbərü dildarım olarsansa mənim. Bu fəna mülkü məni əhli-fəna eyləyəməz, Bu yox içrə Sən əgər Varım olarsansa mənim. Hər tərəfdən yığılıb üstümə karvan gəlsin, Neyləyər qəm mənə, qəmxarım olarsansa mənim? Bu bəlakeş sərimi tərk eləyər cümlə bəla, Sərviqəd Birdənə, sərdarım olarsansa mənim. Qeyri yerdən bahar ummaz dəli könlüm heç vaxt, Aləmi-Eşqdə gülzarım olarsansa mənim. Zülfünü boynuma sal, bağla Sənə, incimərəm, O qəra zülf ilə şahmarım olarsansa mənim. Yavəra, Gün kimi aləmlərə aydınlanaram, Nəzm edib halımı aşkarım olarsansa mənim.
Məf’Ulü məfA’İlü məfA’İlü fə’Ulün (Həzəc) *** Bilməzdim, əzizim, belə fərman olacaqmış, Bir nazlı nigar dərdimə dərman olacaqmış. Çeşmim görəcəkmiş o Gülü bir yol, arada Min il qara gün bəhrəli hicran olacaqmış. Qəmlər yığılıb bir araya cəmlənəcəkmiş, Yollar boyu könlüm sarı karvan olacaqmış. Ahim yeli dünya evini yırğaladıqca, Hər kəs baxacaqmış, hamı heyran olacaqmış. Əhvalıma qan ağlayacaqmış meyi-gülgun, Meyxanələrin pirinə meydan olacaqmış. Yatsam, yuxuma girməz idi indiki halım, Ömrümdə mənim bir yeni dövran olacaqmış. Ey Yavər Həsən, Eşq alacaqmış məni məndən, Canana canım axırı qurban olacaqmış.
FA’ilAtün fə’ilAtün fə’ilAtün fə’ilün
(Rəməl)
***
Zülfünün hər teli yüz Aşiqi divanə qılır,
Yanağın laləsi adəmləri pərvanə qılır.
Bu məhəbbət yayılıb hər tərəfi zəbt eləyir,
Özünü Var eləyib cümləni əfsanə qılır.
Bu məhəbbətdir, əzizim, sədəfin bətnində
Bir yağış damlasını zövq ilə dürdanə qılır.
Könlümün xanəsini Eşqin, ey afət, yıxaraq,
Kainat nisbəti bir mö’cüzə kaşanə qılır.
Üzünə qiblə dedim, məndən üzün döndərmə,
Üzünün qibləsi Eşq əhlini fərzanə qılır.
Sən məni əhli-nəmaz eyləmisən Eşqinlə,
Gəl gör Aşiq bu nəmazı necə məstanə qılır.
Yavəra, şükr elə, ayineyi-çeşmində sənin
Məhəbbət tilsimi bir dilbəri Birdanə qılır.
FA’ilAtün fə’ilAtün fə’ilAtün fə’lün
(Rəməl)
***
Könlümün sevgili cananı, əzizim, Sənsən,
Canımın, canım üçün canı, əzizim, Sənsən.
Sənin Eşqinlə könül sinədə çırpınmadadır,
Qanımın cismdə dövranı, əzizim, Sənsən.
Hamını, hər kəsi çevrəmdən uzaq saxlamışam,
Ömrümün hər tərəf, hər yanı, əzizim, Sənsən.
Sinəmə hicrin ilə dağ çəkilib, məmnunam,
Sinəmin dağdakı ceyranı, əzizim, Sənsən.
Bu cahan mülkü dənizdirsə, bunun şahanə,
Şübhəsiz, dürrü və mərcanı, əzizim, Sənsən.
Dərdim olsa nə qədər, dərdimi dərd eyləmərəm,
Dərdimin bal kimi dərmanı, əzizim, Sənsən.
Hər sözün Yavərə qanundu Sənin, çünki onun
İki aləmdəki sultanı, əzizim, Sənsən.
FA’ilAtün fə’ilAtün fə’ilAtün fə’ilün (Rəməl) *** Bu mənin Sənsən, əzizim, ən əziz Yarı bu gün, Sən asan eyləyəcəksən mənə düşvarı bu gün. Gözümün nurunu verdim güli-rə’nalər üçün, Məni dərk etmədilər, kəsdim o rəftarı bu gün. Baxıram gözlərinə, Gün kimi aydın görürəm Alilər Alisini, Eşqə Tərəfdarı bu gün. Dəli dəryalərə baş vurmuşam, ey şux, və budur, Bulmuşam gör nə gözəl lö’löi-şəhvarı bu gün. Zülfünü boynuma zəncir elə, divanəni tut, Zövq alar ruhum, əgər öpsəm o şahmarı bu gün. Səni gördüm, qəmimi yellər alıb qeyb elədi, Buldum axır ki bu mən qəlbimə qəmxarı bu gün. Mən neçün dərd eləyim? — Zövqümə uyğundu həyat, Ömrümün, Yavər Həsən, var belə me’marı bu gün.